Sual-Cavab

Tez-tez verilən suallar

Endokrinologiya, tiroid, diabet, çəki və hormonal pozğunluqlar haqqında xəstələrin ən çox verdiyi suallara qısa, birbaşa cavablar.

Ümumi

Hansı şikayətlərlə endokrinoloqa müraciət etmək lazımdır?

Səbəbsiz çəki artımı və ya itkisi, daimi yorğunluq, soyuğa və ya istiyə dözümsüzlük, saç tökülməsi, dırnaq qırılması, dəri quruluğu, qəbizlik, boyunda şişkinlik, susuzluq, tez-tez sidik ifrazı, qadınlarda aybaşı pozğunluğu, üz tüklənməsi və sonsuzluq problemləri endokrin pozğunluqların əlamətləri ola bilər. Bu şikayətlərdən biri varsa, endokrinoloq müayinəsi tövsiyə olunur.

Başqa xəstənin işlədiyi dərmanı qəbul etmək olar?

Xeyr. Eyni diaqnoza malik iki xəstənin müalicəsi fərqli ola bilər. Yaş, çəki, yanaşı xəstəliklər, qan analizi nəticələri, allergik reaksiyalar dərman seçimini fərdiləşdirir. Tövsiyə formasında alınmış dərman bir orqana fayda verərkən digər orqanı zədələyə bilər. Hər müalicə həkim tərəfindən fərdi olaraq təyin edilməlidir.

Tiroid (zob)

Tiroid biopsiyası ağrılıdırmı? Təhlükəlidirmi?

İncəiynəli aspirasion biopsiya düzgün texnika ilə icra edildikdə ağrı demək olar ki, hiss olunmur. Biopsiyanın "yayılma", "toxunmaq olmaz" kimi mifləri tibbi əsası olmayan məlumatlardır. Qan vermə prosedurundan ciddi fərqi yoxdur. Diaqnozu dəqiqləşdirmək üçün vacib və təhlükəsiz üsuldur.

Hər tiroid düyününə biopsiya edilir?

Xeyr. Düyünün ölçüsü deyil, ultrasəs xarakteristikası biopsiya göstərişini müəyyən edir. TIRADS sisteminə əsasən şübhəli görünüşlü düyünlər biopsiya olunur. Bəzən 8 mm-lik düyündə də şübhəli əlamətlər varsa biopsiya tövsiyə edilir, böyük düyünlərdə isə tələb olunmaya bilər.

Tiroid kistası ilə əməliyyatdan necə qaçınmaq olar?

Tiroid kistalarının böyük əksəriyyəti təhlükəsizdir. Əməliyyatsız müalicə üsulları kimi skleroterapiya və ablaziya prosedurları mövcuddur. Kista divaryanı komponentləri olduqda araşdırma və lazım gələrsə biopsiya tövsiyə edilir. Saf kistalar ən təhlükəsiz növdür və izləmə altında saxlanıla bilər.

Haşimoto xəstəliyi tam sağalır?

Haşimoto autoimmun xəstəlikdir. Tam sağalma anlayışı əksər hallarda tətbiq olunmur. İlkin mərhələdə uyğun diyet və mineral əlavələri ilə hormon istifadə etmədən tiroid göstəricilərini nizamlamaq mümkün ola bilər. Dinamik müşahidə hər mərhələdə vacibdir. Hər xəstənin müalicəsi fərdidir.

Boğazda ağrı endokrinoloji səbəbə işarə ola bilər?

Bəli. Boğazda ağrı, xüsusilə udma zamanı hiss olunan və hormonal dəyişikliklərlə müşayiət olunan ağrı qalxanabənzər vəzi funksional pozuntularına işarə edə bilər. Yarımkəskin tiroidit (subakut tiroidit) zamanı ağrı qulağa və çənəyə yayılır. Erkən yoxlama daha ciddi problemlərin qarşısını alır.

Diabet, çəki və insulin

Şəkər səviyyəm normadan bir qədər yuxarıdır. Müalicə vacibdirmi?

Ac qarına şəkər səviyyəsi 100 mg/dl və yuxarıdırsa siqnaldır. 110 mg/dl və yuxarıdırsa endokrinoloq qəbuluna yazılmaq tövsiyə olunur. HbA1c 5.5-6% arasında olduqda nəzarət, 6%-dən yuxarı olduqda müraciət vaxtıdır. Prediabet mərhələsində müdaxilə tam diabet inkişafının qarşısını ala bilər.

Şəkərli diabetim var. Dərmanları özüm dayandıra bilərəmmi?

Xeyr. Şəkər dərmanlarını həkim icazəsi olmadan saxlamaq olmaz. Şəkərin müvəqqəti normallaşması müalicənin işlədiyi mənasını verir, dərmana ehtiyacın bitməsi mənasını yox. Doza və rejim dəyişiklikləri yalnız nəzarətdə və analiz nəticələri əsasında aparılır. Aşağı şəkər yüksək şəkərdən daha təhlükəlidir.

İnsulin müqaviməti varsa şəkərə çevriləcək?

Mütləq deyil. İnsulin müqaviməti tip 2 şəkərli diabetin ən vacib risk amilidir, lakin düzgün müdaxilə ilə tam diabet inkişafının qarşısını almaq mümkündür. Fiziki aktivlik, düzgün qidalanma, çəki itkisi əsas tədbirlərdir. Bəzi hallarda insulin həssaslığını artıran dərmanlar əlavə edilir.

Arıqlama iynələri (Ozempic və oxşar dərmanlar) hər kəs üçün uyğundur?

Xeyr. Bu inyeksiyalar müəyyən testlərdən sonra, fərdi göstərişə əsasən təyin edilir. Doza, müddət və müalicədən sonrakı plan həkim tərəfindən müəyyən olunmalıdır. Özbaşına istifadə ciddi ağırlaşmalara yol aça bilər. Müalicə kəsildikdən sonra çəki qayıtmasının qarşısını almaq strategiyası da müalicənin hissəsidir.

Akantoz Nigrikans yalnız kosmetik problemdirmi?

Xeyr. Boyun, qoltuqaltı və qasıq nahiyəsində dəri qaralması və qalınlaşması insulin müqavimətinin və 2-ci tip şəkərli diabetin əlamətidir. Səbəb düzəldilmədən dəri kremləri ilə müalicə nəticə vermir. Endokrinoloji araşdırma vacibdir.

Hormonal, reproduktiv və uşaq

Akromegaliyanın əlamətləri varsa nə etmək lazımdır?

Üzük və ayaqqabı ölçüsünün yaşlı yaşlarda artması, çənənin böyüməsi, dilin böyüməsi, üz cizgilərinin kobudlaşması, baş ağrıları, tez-tez tərləmə akromegaliya əlamətləridir. Hipofizin şişi səbəb ola bilər. Dərhal endokrinoloji müayinə və hipofiz MRT lazımdır. Erkən diaqnoz əməliyyat müvəffəqiyyətini artırır.

AMH testi nə üçün edilir?

AMH (Anti-Müllerian Hormon) qadınlarda yumurtalıq rezervini, kişilərdə testikulyar rezervi göstərir. Normal dəyəri 2-5 ng/ml arasında dəyişir (referans aralıq laboratoriyaya görə fərqlənə bilər). Bir ildən artıq hamiləlik baş tutmadıqda, PKOS şübhəsi olduqda, IVF planlaması zamanı və menopauza yaxınlığını qiymətləndirmək üçün istifadə olunur.

Hamiləlik planlamasından əvvəl endokrinoloji yoxlanış vacibdirmi?

Bəli. Tiroid funksiyasının (TSH, FT4) hamiləlikdən əvvəl yoxlanılması, autoimmun antikorların təyini, prolaktin səviyyəsi, lazım olduqda AMH və PKOS qiymətləndirilməsi tövsiyə olunur. Hamiləlik dövründə tiroid hədəf dəyərləri normal əhalidən fərqlidir, və əvvəlcədən planlaşdırılmış müalicə uşağın inkişafına müsbət təsir edir.

Uşağımın boyu yaşıdlarından geri qalır. Nə etmək lazımdır?

İllik boy artımı 4 yaşdan yuxarı uşaqlarda 4 sm-dən az olduqda siqnal hesab edilir. Hər yaş üçün norma fərqlidir. Sol əl biləyi rentgeni ilə skelet yaşı təyin edilir və bioloji yaşla müqayisə olunur. Erkən diaqnoz uyğun müalicə planı qurmağa imkan verir, gecikmə isə boy potensialını məhdudlaşdıra bilər.

Sualınıza cavab tapmadınız?

Şikayətinizi WhatsApp ilə yazın — fərdi olaraq cavablandırılsın.